ELM VƏ TƏHSİL
Rusiyanın beynəlxalq bazalarda indeksləşdirilən jurnalı azərbaycanlı alimin rəyini dərc edib
Bakı, 2 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın rus dilində çapdan çıxan “Türk dillərində məsdərlər və feili isimlər” kitabına rəyi Rusiyanın beynəlxalq bazalarda indeksləşdirilən “Ali məktəb” elmi-praktiki jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunub.
Müəllif qeyd edir ki, Aynel Məşədiyevanın “Türk dillərində məsdərlər və feili isimlər” monoqrafiyası olduqca aktual və ciddi bir elmi araşdırma mahiyyəti kəsb edir. Türk dillərinin və onların dialektlərinin materialları əsasında məsdərlərin və feili isimlərin müqayisəli-tarixi aspektdə öyrənilməsi bu dillərin daxili xüsusiyyətlərini üzə çıxarmaq üçün çox əhəmiyyətlidir. Belə ki, əsərdə türk dillərində məsdərlərin və feili isimlərin tədqiqinin əsas istiqamətlərinin təhlilinə, onların əsas anlayışlarının və terminlərinin təsvirinə, leksik-semantik, morfoloji-sintaktik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə cəhd edilib və göstərilən məsələlər uğurla həllini tapıb.
Rəydə, həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərində məsdərlərin və feili isimlərin linqvistik mahiyyəti və spesifik xüsusiyyətləri, onların funksional-semantik potensialı, kateqoriyalararası əlaqələri və sözdəyişmə sistemində münasibətləri problemlərini müfəssəl şəkildə araşdırıb.