SİYASƏT
Rusiyanın tanınmış jurnalisti Azərbaycandakı həmkarları ilə jurnalistika sahəsində qazandığı təcrübəni bölüşmüşdür
Bakı, 29 aprel (AZƏRTAC). Rusiya Federasiyasının İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Səadət Kadırova aprelin 29-da Azərbaycandakı həmkarlarına “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda seminar-treninq keçmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə təşkil olunmuş birgünlük seminar-treninqdə Səadət Kadırova Azərbaycandakı həmkarları ilə jurnalistika sahəsində qazandığı təcrübəni bölüşmüşdür.
DİDK-nın Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm bildirmişdir ki, seminar-treninqin əsas məqsədi diaspora sahəsində yazan jurnalistlərin peşə təcrübəsinin təkmilləşdirilməsidir.
Seminar-treninqin əhəmiyyətindən danışan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə qeyd etmişdir ki, diaspora sahəsi Azərbaycan üçün həssasdır. Əminəm ki, Səadət Kadırovanın bu sahədə peşə təcrübəsini azərbaycanlı jurnalistlərlə bölüşməsi yaxşı nəticələr verəcəkdir.
Uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan Səadət Kadırova, eyni zamanda, Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. Moskvada yaşayan bir azərbaycanlı kimi Səadət Kadırovanın yazılarında diaspor məsələləri də hər zaman prioritet mövzulardan olmuşdur. Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, bu istiqamətdə uğurlu işin qurulması, qarşıya çıxan problemlər və onların həlli yolları, eləcə də xaricdə ölkənin imicinin formalaşması, bu işdə diasporun rolu kimi məsələlərə Səadət Kadırova xüsusi diqqət ayırmışdır.
Elə bugünkü seminar-treninqdə də Səadət Kadırova ölkənin imicinin formalaşmasında diasporun rolundan, bu işin əsas prinsiplərindən danışmışdır. Bununla yanaşı, tanınmış jurnalist
müsahibin rəğbətini qazanmağın yolları, uğurlu müsahibənin alınmasında qarderobun sirləri, müsahibənin uğurlu alınmasına təsir edən amillər, onun aparılması yolları və digər incəliklər barədə azərbaycanlı jurnalistlərə məsləhətlər vermişdir.
Sonda seminar-treninqin iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.