CƏMİYYƏT
Rusiyaya məhsul ixracına icazə verilmiş sahibkarlarla görüş keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasına məhsul ixracına icazə verilən alma və pomidor istehsalı müəssisələrinin rəhbərləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, agentliyin aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə keçirilən görüşdə ölkəmizdən Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə həyata keçirdiyi tədbirlər barədə sahibkarlara məlumat verilib.
Qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr nəticəsində martın 3-də daha 8 alma və 19 pomidor istehsalı müəssisəsinə məhsullarının Rusiya Federasiyasına ixracına icazə verilib. Qeyd olunub ki, hazırda agentlik ilə Rosselxoznadzor arasında məhdudiyyətlərin aradan qaldırılması istiqamətində intensiv müzakirələr davam etdirilir.
Görüş zamanı ölkəmizin ixrac qaydaları və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Həmçinin bitki mənşəli məhsulların ixracı ilə bağlı agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.