İDMAN
Ruslan Abışov: “Meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm”
Bakı, 10 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Açığı, komandaya kənardan baxmaq çox çətindir. Düzdür, nəticələrimiz əladır, turnir cədvəlinin lideriyik, amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və “Neftçi” klubunun müdafiəçisi hazırda zədə üzündən əziyyət çəkən Ruslan Abışov deyib.
Təcrübəli müdafiəçi, həmçinin zədə prosesindən danışıb: “Bu proses hər gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm”.
“Düşünürəm ki, birinci dövrəni lider kimi başa vurmağımızda əsas səbəb klubda çalışan hər kəsin öz işini düzgün yerinə yetirməsidir. O cümlədən azarkeşlərimizin bizi tək buraxmamasıdır. Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. Yeddi oyuna 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir. Builki, rəqabət hamımız üçün faydalıdır. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdır. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm. “Neftçi” bu il gözəl oyun sərgiləyir və bu, o deməkdir biz çempionluğa oynayırıq. Çempionatın dörddəbir hissəsi arxada qalıb. Yəni hələ əsas mübarizə qarşıdadır. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik”, - deyə futbolçu əlavə edib.
R.Abışov deyib: “Azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm. Millimizə də uğurlar arzulayıram. Çox istərdim ki, UEFA Millər Liqasında millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabah - Farer adaları ilə oyun millimiz üçün çox vacib və həlledici olacaq”.