İDMAN
SABAH UEFA KUBOKU TURNİRİNİN QALİBİ MƏLUM OLACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 14-də İngiltərənin Mançester şəhərində futbol üzrə UEFA kuboku turnirinin final oyununda Rusiyanın “Zenit” və Şotlandiyanın “Qlazqo Reyncers” komandaları qarşılaşacaqlar.
Mütəxəssislərin əksəriyyətinin qənaətinə görə, Sankt-Peterburqun “Zenit” klubunun qalib gəlmək şansı daha yüksəkdir. Finala doğru gedən yolda rusiyalılar İspaniyanın “Vilyarreal”, Fransanın “Marsel”, Almaniyanın “Bayer-04” və məşhur “Bavariya” komandalarını məğlub etmişlər. “Bavariya” Almaniyanın ən güclü klubu sayılır və “Zenit”ə uduzduqdan bir neçə gün sonra bu komanda ölkə çempionu olmuşdur.
Lakin “Qlazqo Reyncers” komandasının da qalib gəlmək imkanı az deyildir. “Zenit”dən fərqli olaraq, o daha təcrübəli klubdur. Komanda Şotlandiyanın digər güclü klubu - “Seltik” ilə birlikdə demək olar ki, hər il Çempionlar Liqası və UEFA kuboku turnirlərində iştirak edir. Həm də unutmaq olmaz ki, final görüşü İngiltərədə keçiriləcəkdir, yəni ingilis azarkeşlərinin hamısı da olmasa, çoxu “Qlazqo Reyncers”ə rəğbət bəsləyəcəkdir.
“Qlazqo Reyncers” 1972-ci ildə hazırda ləğv edilmiş Kuboklar kuboku turnirinin qalibi olmuşdu. Şotlandlılar o zaman final görüşündə Moskvanın “Dinamo” komandasını 3:2 hesabı ilə məğlub etmişdi. Bu, “Qlazqo Reyncers”in futbol üzrə qitə turnirlərində yeganə qələbəsidir. 36 ildən sonra onun finalda rəqibi yenə də Rusiya klubudur. Görəsən bu dəfə necə olacaqdır?