SİYASƏT
SƏFİR KAMİL SALEH ƏS-SALEH: QƏDİM TARİXƏ VƏ ZƏNGİN MƏDƏNİ İRSƏ MALİK OLAN AZƏRBAYCAN XALQINA UĞURLAR ARZULAYIRAM
Görüşdə qeyd edilmişdir ki, Bəhreyn Krallığı mühüm əhəmiyyətə malik olan regionda yerləşir. Azərbaycan 1996-cı ildən bu ölkə ilə diplomatik əlaqə saxlayır. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrimizin bu təşkilat çərçivəsində sıx əməkdaşlığı yaranmışdır.
Milli Məclisin sədri səfirə müstəqil Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər, bütün sahələrdə aparılan islahatlar, insan hüquq və azadlıqlarının təmin olunması, ölkəmizdə dünya birliyinə inteqrasiyası prosesi, habelə parlamentin strukturu, seçki sistemi barədə ətraflı məlumat vermişdir. O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən və ağır nəticələrindən danışarkən ümid etdiyini bildirmişdir ki, Bəhreyn Krallığı ölkəmizin ədalətli mövqeyini müdafiə edəcəkdir.
Səfir Kamil Saleh əs-Saleh demişdir ki, ölkələrimiz arasında qədim tarixi olan dini, mədəni, ticarət əlaqələrini inkişaf etdirmək imkanları vardır. Diplomat son illər öz ölkəsində aparılan islahatlar, əldə edilmiş nailiyyətlər, habelə Bəhreyn parlamenti, onun strukturu və fəaliyyəti barədə məlumat vermişdir. Səfir demişdir ki, biz Azərbaycana dörd istiqamətə -Qafqaz regionuna, Orta Asiya ölkələrinə, MDB-yə, Avropaya açılan qapı kimi baxırıq. O, qədim tarixə və zəngin mədəni irsə malik Azərbaycan xalqına uğurlar arzulamışdır.