MƏDƏNİYYƏT
SEMİNAR İŞTİRAKÇILARINA SERTİFİKATLAR TƏQDİM OLUNMUŞDUR
Aprelin 17-də Dünya Turizm Təşkilatının (DTT) “Turizm marketinqi və reklam texnikası” mövzusunda seminarının iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə bildirmişdir ki, Azərbaycan 170 ölkəni özündə birləşdirən DTT-nin 2001-ci ildən üzvüdür. Bu nüfuzlu təşkilata daxil olmaq ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər fəal mövqe nümayiş etdirərək, ölkəmizdə genişmiqyaslı turizm hərəkatına rəvac vermişdir. Bütün bu illər ərzində xeyli tədbir - görüşlər, məşğələlər, seminarlar təşkil olunmuş, mütəxəssislərimiz DTT-nin iqamətgahında staj keçmişlər. Azərbaycanın əlaqələri genişlənmişdir və Bakıda keçiriləcək VI Beynəlxalq turizm və səyahətlər sərgisi ərəfəsində daha bir seminarın təşkili bunun məntiqi davamıdır.
O demişdir ki, nazirliyin timsalında kadrların hazırlanması, digər ölkələrin təcrübəsinin öyrənilməsi, beynəlxalq səviyyəli texnologiyaların cəlb olunması ilə bağlı dövlət düzgün istiqamətləndirilmiş siyasət yürüdür. Sevindirici haldır ki, seminarın iştirakçıları müxtəlif inzibati təbəqələrin nümayəndələri - rayon mədəniyyət idarələrinin nümayəndələri, yerlərdə bu sahəyə bilavasitə cavabdeh olan adamlar, 30-dan çox turizm təşkilatının nümayəndələri, Mədəniyyət və Turizm Nazirliyi yanında yaradılan Turizm İnstitutunun, universitetlərin və digər ali məktəblərin tələbələri olmuşlar. Ə.Qarayev demişdir: “Hazırda turizmin metodologiyası bu sahədə təhsil alan gənclərin kifayət qədər geniş maraq göstərdiyi mövzuya çevrilmişdir”.
Ə.Qarayev DTT-nin tövsiyə etdiyi mütəxəssislərə seminarı keçirdiklərinə görə minnətdarlığını bildirmiş, iştirakçılara sertifikatlar təqdim etmişdir.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev iştirak edirdi.