MƏDƏNİYYƏT
ŞEYXÜLİSLAM AVROPA ŞURASI MƏŞVƏRƏT KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə aprelin 3-də öz iqamətgahında Avropa Şurasının milli azlıqların hüquqlarının qorunmasına dair çərçivə konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür. Professor Asbörn Eydenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən məqsəd Azərbaycanda milli azlıqların hüquqlarına, əsasən, dini etiqad azadlığı hüququna necə riayət edilməsi ilə tanış olmaqdır.
Şeyxülislam qonaqlara respublikamızdakı milli azlıqların vəziyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, Prezident Heydər Əliyev Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin öz dininə azad şəkildə etiqad etməsi, öz adət və ənənələrini qoruyub saxlaması üçün hər cür şərait yaratmışdır. Şeyx Azərbaycanda milli azlıqlara xoş münasibətə misal kimi dedi ki, onun özü talış xalqının nümayəndəsidir və Qafqaz Müsəlmanları İdarəsinə başçılıq edir.
Azərbaycanın üç əsas konfessiyasının – müsəlman, pravoslav və iudaizm konfessiyalarının liderləri xalqımızın dini dözümlülüyündən və mehribanlığından, ölkədəki dini vəziyyətdən, tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırmış Prezident Heydər Əliyevin xidmətlərindən danışaraq vurğuladılar ki, milli azlıqların bütün hüquqları Konstitusiyada, dini etiqad haqqında Oanunda təsbit olunmuşdur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkədə dini həyat canlandı, məscidlər, kilsə və sinaqoqlar tikilməyə başladı, Pravoslav Kilsəsinin Bakı yeparxiyası dirçəldildi.
Cənab Asbörn Eyde səfər zamanı Azərbaycanın müxtəlif guşələrində olduqlarını bildirərək dedi: “Ölkənizdəki polietnikliyin, polimədəniyyətliyin sintezi bizə silinməz təsir bağışladı. Burada dinlərarası və millətlərarası məsələlərin həlli başqa ölkələrə örnək ola bilər. Biz Qubada, dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə olarkən azərbaycanlıların yəhudilərə qardaşlıq münasibəti bəslədiklərinin şahibi olduq. Yerli sakinlər İkinci dünya müharibəsi illərində azərbaycanlıların müharibədə yəhudiləri xilas etmələrindən, onlara kömək göstərmələrindən danışdılar. Bir sözlə, biz Qubadan oradakı milli və dini ahənğdarlıqdan aldığımız ən xoş təəssüratla ayrıldıq. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, biz bu məsələnin dincliklə həll olunacağına və qaçqınların tezliklə doğma ocaqlarına qayıdacağına bəslədiyiniz ümidlərə şərikik”.
Qonaqlara xatirə olaraq kiçik xalçalar və şeyxülislamın “Müqəddəs həyatın anları” kitabı bağışlandı.