İQTİSADİYYAT
SİEMENS AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNDA İRİ LAYİHƏLƏR HƏYATA KEÇİRMƏK İSTƏYİR
Almaniyanın Siemens şirkəti bundan sonra Azərbaycanda öz imkanlarını genişləndirərək, Siemens LLC şirkəti kimi fəaliyyət göstərəcəkdir.
AZƏRTAC xəbər verir ki, Siemens LLC şirkətinin təsis olunması ilə əlaqədar keçirilən mətbuat konfransında Siemensin ölkəmizdə fəaliyyətə başladığı vaxtdan bəri həyata keçirdiyi layihələr və perspektiv iş planı barədə məlumat verilmişdir. Azərbaycanda yaradılan əlverişli sərmayə mühitinin Siemens üçün hərtərəfli imkanlar yaratdığı və alman sərmayədarlarının bundan məmnun qaldığı bəyan olunmuşdur.
Siemens Azərbaycanda qarşıdakı illərdə qeyri-neft sektoru üzrə iri layihələr həyata keçirmək, telekommunikasiya, tibb texnikası və energetika sahəsində ən qabaqcıl texnologiyanı tətbiq etmək istəyir.