REGİONLAR
ŞİMAL-ŞƏRQ İNKİŞAF LAYİHƏSİ ABŞERON, DƏVƏÇİ, XIZI VƏ SİYƏZƏN RAYONLARINDA SUVARMANI YAXŞILAŞDIRACAQDIR
Kənd təsərrüfatı naziri İsmət Abasov adları çəkilən rayonları əhatə edən layihə haqqında məlumat vermişdir. Nazir demişdir ki, layihənin məqsədi gəlir əldə etmək imkanlarının genişləndirilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yaşayış səviyyəsi torpaq sahələrinin suvarılmasından birbaşa asılı olan təxminən 15 min ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasıdır. Layihənin 5 il müddətində həyata keçiriləcəyini xatırladan nazir bildirmişdir ki, onun ümumi dəyəri 25 milyon 148 min ABŞ dolları məbləğındədir. Bu vəsaitin 49,9 faizini (12 milyon 555 min 200 dollar) İFAD, 38,2 faizini (9 milyon 624 min 900 dollar) Azərbaycan hökuməti, 3,9 faizini (990 min dollar) iştirakçı kommersiya bankı ödəyəcəkdir. Qalan 1 milyon 978 min dolları ödəyəcək qurumlar da müəyyənləşdirilmişdir. Layihəyə daxil olan rayonların 48 kəndində 27 min 275 hektar pay torpağına və 2 min 990 hektar həyətyanı sahəyə xidmət göstərəcək 6 Sudan İstifadə Edənlər Birliyi yaradılacaqdır. Layihə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın mərkəzi idarəetmə orqanı tərəfindən icra ediləcəkdir.
İFAD-ın Yaxın Şərq və Şimali Afrika divizionunun direktoru xanım Mona Bişay, layihənin Azərbaycan üzrə meneceri Abdulla Rəhman, mərkəzi idarəetmə orqanının rəhbəri Vüqar Mehdiyev layihənin səmərəsi, ehtimal olunan nəticələri, monitorinqi, komponentləri, 2006-cı il üçün iş planı və büdcəsi barədə danışmışlar.
Seminar öz işini iyulun 27-də davam etdirəcəkdir.