İQTİSADİYYAT


SOCAR: Cənub Qaz Dəhlizi üçün bütün borcların vaxtında alınacağına şübhə yoxdur

Bakı, 6 iyul, Nihad Budaqov, AZƏRTAC

Cənub Qaz Dəhlizi üçün bütün borcların vaxtında alınacağına şübhə yoxdur.

AZƏRTAC “moskva-baku.ru”ya istinadla xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

O bildirib ki, layihənin maliyyələşdirilməsində problem yoxdur və səhmdarların hər biri öz öhdəliklərinə uyğun şəkildə maliyyələşdirməyə davam edəcək: “Artıq bütün əsas investorlarla maliyyələşdirmə müqaviləsi bağlanıb və onların bəziləri isə öz növbəsində xarici maliyyələşdirmə ilə bağlı razılığa gəliblər”.

V.Bəylərbəyov, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) təbii qaz boru kəmərlərinin tikintisində kapital qoyuluşları ilə bağlı vəziyyətin eyni olduğunu bildirərək deyib: “Banklar və maliyyə institutları ilə bağlanmış sazişlərə uyğun olaraq gözlənilən xarici borcların vaxtında və tam həcmdə alınmasına şübhə yoxdur”.

O, “Cənub Qaz Dəhlizi” QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə TANAP boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsinin imzalandığını və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) TAP boru kəməri layihəsinə 500 milyon avroyadək kredit ayrılmasını təsdiq etdiyini xatırladıb.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.