İQTİSADİYYAT
SOCAR Sumqayıtda talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “20 Sentyabr Neftçilər Günü” Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Qanvermə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadası tərəfindən aparılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan verib.
Xatırladaq ki, SOCAR-ın çoxminli kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə “Talassemiyasız həyat naminə” talassemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulub. Bu günə qədər 36 min 445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədilə qanvermə aksiyasında iştirak edib. 2020-2021-ci ildə SOCAR əməkdaşlarından 2272 nəfəri qanvermə aksiyasında iştirak edib.