İQTİSADİYYAT
“SOCAR Trading” yeni alıcılara mayeləşdirilmiş təbii qaz təklif edəcək
Bakı, 3 sentyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti yeni alıcılara mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) təklif edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində “SOCAR Trading”in icraçı direktoru Arzu Əzimov məlumat verib. O bildirib ki, şirkət növbəti beş ildə “təmiz ticarət”ə başlaya bilər. Həmin vaxta qədər isə SOCAR Afrika və Cənub-Şərqi Asiya ölkələrində LNG-dən istifadə olunmaqla elektrik istehsal edilən layihələrə diqqəti yönəldəcək.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR-ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. “SOCAR Trading” İsveçrədə 48 yanacaqdoldurma məntəqəsinə (YDM) sahibdir.