İQTİSADİYYAT
SOCAR-ın “Tullantı Mərkəzi”ndə şirkətin qurumlarından və BP-dən daxil olan qazma şlamı emal ediləcək
Bakı, 12 yanvar, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni ilinin başlanması ilə əlaqədar rəhbər heyətlə toplantı, eləcə də SOCAR-ın “Tullantı Mərkəzi”ndə xidmətlərin icrasına start verilməsi və mərkəzin yeni təyin edilmiş rəisinin təqdimatı keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin baş direktoru Ramil Əliyev 2016-cı ilin yekunları, il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. O, 2017-ci ildə qarşıda duran layihələrin uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirərək yeni layihələrin icrasına start verildiyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.
R.Əliyev bu layihələrdən biri olan SOCAR -ın Ekologiya İdarəsinin nəzdindəki “Tullantı Mərkəzi”ndə xidmətlərin “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən həyata keçirilməsi barədə məlumat verib. Bildirib ki, mərkəzdə SOCAR-ın idarə və təşkilatlarından daxil olan tullantıların idarə edilməsi, eləcə də BP şirkətindən daxil olan qazma şlamının emalı prosesi həyata keçiriləcək.
“Tullantı Mərkəzi”nin yeni təyin olunmuş rəisi Orxan Qəndilov isə qarşıda duran bütün işlərin icrası ilə bağlı toplantı iştirakçılarına məlumat verərək bu sahədə vəzifələrin və öhdəliklərin layiqincə yerinə yetiriləcəyini qeyd edib.