SOYDAŞLARIMIZ RAZILIQ EDİRLƏR
AzerTAg.az
Zalqa rayonu dəniz səviyyəsindən 2.500 metr hündürlükdə, dağlar qoynunda yerləşir, əhali əsasən maldarlıqla məşğul olur. Əhalinin əksəriyyətini yunanlar, gürcülər, azərbaycanlılar təşkil edirlər, başqa xalqların nümayəndələri də var. Gürcüstan dövlət müstəqilliy qazandığı vaxtlardan başlayan dərin iqtisadi böhran bu bölgədən də yan keçmədi.
Bölgənin ərazisində azərbaycanlıların yaşadıqları Ərcivan-Sarvan, Tezis, Qızıl Hacılı, Culuxlu kəndlərdə vəziyyət xüsusilə ağırlaşmışdı, Qızıl Hacılı və Tezis kəndlərində məktəb bağlanmışdı, işsizlərin sayı artmışdı, hər ailəyə verilmiş 1,5 hektar torpaq sahəsinə görə 65 lari (təxminən 30 dollar) vergi alınırdı.
Lakin Eldar Xvistiani bu yaxınlarda Zalqa rayonunun icra hakimiyyəti rəhbəri seçildikdən sonra vəziyyət yaxşılaşmağa başladı. O, ilk növbədə soydaşlarımıza qarşı edilmiş ədalətsizliyi aradan qaldıraraq, hər hektar üçün torpaq vergisini 17 lariyə endirdi, Tezis və Qızıl Hacılı kəndlərində məktəblər təmir edilib açıldı, yollar əsaslı təmir olundu.
Cənab Xvistiani söhbət zamanı dedi:
- Rayonumuzda həyati əhəmiyyətli obyektlərin təmiri, tikintisi işləri davam etdirilir, pensiyaların və maaşların vaxtında ödənilməsi üçün lazımi tədbirlər görülür, əlavə maliyyə mənbələri axtarılır. İqtisadiyyatın dirçəlməsi, əhalinin firavanlığının yüksəlməsi üçün böyük əhəmiyyəti olan yolların daim yararlı vəziyyətdə olmasını nəzarət altında saxlayırıq. Biz kilsə və məscidlərin tikilməsi məsələsini də unutmuruq. Elə bu yaxınlarda Ərcivan-Sarvan kəndində məscid tikilib istifadəyə verilmişdir. O ki qaldı əmin-amanlığa, tam əsasla deyə bilərəm ki, bizdə bütün xalqların nümayəndələri dostluq və səmimilik şəraitində yaşayırlar.
Biz Zalqa azərbaycanlıları ilə də görüşdük, onlar icra hakimiyyətinin yeni başçısının fəaliyyətindən və qayğıkeşliyindən razı qaldıqlarını bildirdilər, Azərbaycan televiziyası verilişlərinin bu dağlar diyarında yayımlanmamasını çox arzuladıqlarını söylədilər. Soydaşlarımız ümidvar olduqlarını bildirdilər ki, Azərbaycanın Rabitə Nazirliyi bu məsələnin həlli üçün öz köməyini əsirgəməyəcəkdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Zalqa rayonu
Xəbərin mətnində orfoqrafik səhv var