SİYASƏT
SOYQIRIMI ABİDƏSİ QARŞISINDA İZDİHAMLI MİTİNQ
1918-ci ildə ermənilər ölkəmizin bir çox bölgələrində olduğu kimi, Lənkəranda da görünməmiş qırğınlar törətmiş, minlərlə soydaşımızı amansızlıqla qətlə yetirmişlər. Lənkəranlılar bu faciəli hadisəni yaddaşlarda əbədiləşdirmək üçün şəhərin mərkəzində - vaxtilə dinc, silahsız adamların gülləbaran edildiyi yerdə indi xatirə abidəsi ucaltmişlar. Rayon ictimaiyyətinin azərbaycanlıların soyqırımı gününə həsr olunmuş izdihamlı mitinqi də həmin abidənin önündə keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Yaşar Rzayev erməni cəlladların Lənkəranın əliyalın sakinlərinin başına gətirdikləri ağlasığmaz müsibətlərdən danışmış, respublikamızın Prezidenti Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı “ Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının müstəsna əhəmiyyətindən, soyqırımla əlaqədar xalqımıza müraciətinin əhali arasında rəğbətlə qarşılanmasından geniş söhbət açmışdır.
Lənkəran Dövlət Universitetinin kafedra müdiri, qocaman tədqiqatçı alim Mirhaşım Talışlı quduzlaşmış erməni silahlılarının Lənkəranda qeyri-insani hərəkətləri barədə oxuduqlarından, yaşlı sakinlərdən eşitdiklərindən ürək ağrısı ilə danışmışdır.
Axırda Lənkəran Dövlət Dram Teatrının aktyorları soyqırımla bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.