SİYASƏT
SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
Lənkəran Dövlət Universitetində azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans keçirilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin birgə keçirdikləri konfransı icra hakimiyyətinin başçısı Yaşar Rzayev açaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciətində qarşıya qoyulan vəzifələrdən danışmış və bildirmişdir ki, “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Fərmanı ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi vəhşiliklərə hüquqi-siyasi qiymət verən ilk rəsmi sənəddir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin professoru, tarix elmləri doktoru Qəmərşah Cavadov və başqaları məruzələrində erməni daşnaklarının 1918-ci ilin mart ayında xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən ətraflı danışmışlar.
Universitetin rektoru, professor Mirzə Bağırov konfransa yekun vuraraq bildirmişdir ki, martın 31-də ilk dərslər azərbaycanlıların soyqırımı mövzusuna həsr ediləcəkdir.
Universitetin elmi kitabxanasında soyqırımına həsr edilmiş kitab sərgisi və fotostend təşkil olunmuşdur.