CƏMİYYƏT
Saatlı rayon sakinindən bir kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Mustafabəyli kənd sakini 24 yaşlı İnsafəli Ağayev şübhəli şəxs qismində tutulub.
Onun yaşadığı evə baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış 1 kiloqram 224 qram marixuana, eləcə də 7 çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
İ.Ağayev dindirilərkən qanunazidd əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.