REGİONLAR
Saatlıda heyvandarlıq məhsullarının istehsalı artıb
Saatlı, 9 sentyabr, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 714 baş iribuynuzlu mal-qara, 116 min 250 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 999 baş çoxdur. Naxırda ana inək və camışların sayı 32 min 321 başa çatıb. Cari ilin 8 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 5 min 109,4 ton ət (diri çəkidə), 28 min 547,4 ton süd, 154,7 ton yun, 9 milyon 610 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 3,4 ton, süddən 4,4 ton, yundan 13,8 ton, yumurtadan isə 1 milyon 390 min ədəd çoxdur.