İQTİSADİYYAT
Sabahdan 76 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Bakı, 14 iyun, AZƏRTAC
Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 15-dən 76 nömrəli marşrut xətti (“Neftçilər” metro stansiyası - Bakıxanov dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Eldar Xəlilov küçəsi, Sülh küçəsi, Muxtar Fətəliyev 158 (Bakıxanov qəsəbəsi), X.Xasməmmədov 78A (Bakıxanov qəsəbəsi), Nazim İsmayılov 7 (Bakıxanov qəsəbəsi), Əzim Əzimzadə 34/64 (Nizami rayonu), Sakit Qocayev küçəsi (Suraxanı rayonu) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.