“Sabir gecəsi” – BDU-da ədəbi-bədii tədbir
AzerTAg.az
Bakı, 26 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunan “Sabir gecəsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu çıxış edərək görkəmli şair Mirzə Ələkbər Sabirin ömür yolu, yaradıcılığı haqqında məlumat verib, onun satirik şeirin inkişafında rolundan danışıb. Qeyd edilib ki, ədəbiyyatımızda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış maarifçi-şair bədii fikirdə humanizm, demokratik ideyalar, milli oyanış və dirçəlişin ən fədakar carçılarından olub. Şairin yaradıcılığı xalqın həyatı ilə sıx şəkildə bağlıdır və ədəbi irsini bu kontekstdən kənarda araşdırmaq mümkün deyil.
Şairin nəvəsi, BDU-nun Bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli görkəmli sənətkar Mirzə Ələkbər Sabirin irsinin öyrənilməsinə və təbliğinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Sonra Mirzə Ələkbər Sabirin həyatından bəhs edən videoçarx və tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şair haqqında görkəmli şəxsiyyətlərin fikirlərini əks etdirən təqdimat olub.



Xəbərin mətnində orfoqrafik səhv var