REGİONLAR
Sabirabadda nar bağlarından 13 min 642 ton məhsul yığılıb
Sabirabad, 21 yanvar, Mahir Babayev, AZƏRTAC
Sabirabadda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Sabirabadda həyətyanı sahələrlə birlikdə 21 min 115 hektar meyvə bağı var və ötən il bu bağlardan 23 min 324 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1260 hektar nar sahəsindən 13 min 642 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 109.8 sentner olub. Tədarük olunan məhsulun çoxu rayonun Quruzma, Qasımbəyli, Yolçubəyli və Qaratəpə kəndlərində fəaliyyət göstərən fermerlər tərəfindən tədarük edilib.