REGİONLAR
Sabirabadda şəhid Sabir İsmayılovun xatirəsi anılıb
Sabirabad, 17 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Şəhid İsmayılov Sabir Ədalət oğlunun doğum günündə xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabir İsmayılov 1998-ci il iyunun 16-da dünyaya göz açıb. Hələ kiçik yaşlarından vətənpərvər ruhda böyüyən Sabir döyüşlərə könüllü olaraq yollanıb. Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən Sabir oktyabr ayının 8-də Qubadlı uğrunda gedən gərgin döyüşlər zamanı şəhadətə ucalıb. İsmayılov Sabir Ədalət oğlunun doğum günü münasibətilə idarə, müəssisə nümayəndələri, Sabirabad Regional Mədəniyyət İdarəsinin “Mədəniyyət könüllüləri”, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edərək xatirəsini sonsuz ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Eyni zamanda, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, İsmayılov Sabir Ədalət oğlu döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.