REGİONLAR
Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ildə 300 ton yun qəbul edəcək VİDEO
Şabran, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində fermerlərdən yun tədarükü davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin may ayından fəaliyyətə başlayan tədarük məntəqəsi üçün yun Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarındakı fermer təsərrüfatlarından alınır. Yun fermerlərdən əlavə dəyər vergisi daxil olmaqla, 2 manata qəbul edilir.
Yunun alınması tədarükçülər tərəfindən yerlərdə, həmçinin birbaşa məntəqənin özündə həyata keçirilir.
Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra kipləşdirilərək, üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapır. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı Yunəyirici-Boyaq Fabrikinə təhvil veriləcək.
Məntəqənin əməkdaşı Xanbala Əbilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədarük zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük verilir. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçirilir. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq.
Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində ildə 300 ton yun qəbulu nəzərdə tutulub.