REGİONLAR
Şabranda atmosferi çirkləndirən 10 avtomobilin sürücüsü barədə protokol tərtib olunub VİDEO
Şabran, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 8-də Şabranda keçirilən reyd zamanı atmosferi çirkləndirən və yol hərəkəti qaydalarını pozan 13 avtomobilin sürücüsü barədə protokol tərtib edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri reyd “Təmiz hava” aylığı çərçivəsində təşkil olunub.
Reyd zamanı saxlanılan nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Azər Süleymanov AZƏRTAC-a müsahibəsində bildirib ki, şəhərin M.Rəsulzadə küçəsində keçirilən reyd zamanı, ümumilikdə, 50-dən çox avtomobil fərdi qaydada yoxlanılıb. Atmosferi çirkləndirən 10 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib edilib. Daha üç sürücü isə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati qaydada cəzalandırılıb.