CƏMİYYƏT
Sabunçu rayonunda xeyli sayda hərbi sursat aşkarlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 18-də saat 19:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində patron və əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis idarəsinin əməkdaşları Bilgəh-Sumqayıt yolunun ərazidən keçən hissəsinin kənarına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar fevralın 19-da davam etdirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat və bir ədəd avtomat darağı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi sursatın tapıldığı yerin ətrafında 1600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.