DÜNYA
Sağçı populist partiya polşalı nasizm qurbanlarına AFR-də heykəl qoyulması ideyasını dəstəkləmir
Berlin, 12 sentyabr, AZƏRTAC
Sağçı populist “Almaniya üçün Alternativ” (AüA) partiyası İkinci Dünya müharibəsi illərində Polşanın nasistlər tərəfindən işğalının və dinc əhalinin qırılmasının qurbanlarına həsr edilmiş monument ucaldılması ideyasını Almaniya Bundestaqında dəstəkləməyən yeganə fraksiya olub.
AZƏRTAC xəbər verir ki, bu ideya ilk dəfə Hitlerin Polşaya hücumunun 80-ci ildönümü ərəfəsində irəli sürülüb. Əslində İkinci Dünya müharibəsi bu hücumdan başlamışdı. Almaniya Bundestaqında bütün partiyaları təmsil edən 240 deputat bu ideyanı bəyənib, yalnız AüA fraksiyası istisna olub.
Deputatların əksəriyyətinin fikrincə, uzun illər bundan əvvəl nasistlər tərəfindən törədilmiş cinayətləri hətta o hadisələrdən 80 il keçəndən sonra da gənc nəslə xatırlatmaq lazımdır.
Eyni zamanda belə arqumentlər də səslənir ki, nasizmin təkcə polşalı qurbanlarına abidə ucaldılması ilə kifayətlənmək olmaz. Axı nasizm bir sıra xalqlara da əzab-əziyyət və fəlakət gətirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin