REGİONLAR
Sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir
Lənkəran, 20 dekabr, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Liman şəhərindəki “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” layihəsi çərçivəsində rayonun Şirinsu kəndində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Şirinsu kənd tam orta məktəbinin direktoru Xanlar Abasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyini qeyd edərək narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimizə təhlükə olduğunu bildiriblər.
Qeyd olunub ki, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Vətəndaşların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sağlam cəmiyyətin formalaşdırılmasına təkan verir.
Azərbaycan Respublikasında ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılır.
Ötən əsrin 90-cı illərində insan hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm beynəlxalq müqavilələr imzalanıb və qanunlar qəbul edilib.
Çıxışlarda, həmçinin gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi diqqətə çatdırılıb.