REGİONLAR
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub
Şahbuz, 26 sentyabr, AZƏRTAC
Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Təkcə bu ilin yanvar-avqust ayları ərzində muxtar respublikanın muzeylərini 398 min 713 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 122 min 322-si əcnəbi vətəndaş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu ilin ilk 8 ayı ərzində muzeylərə 1750 ədəd eksponat daxil olub. 2019-cu ilin sentyabr ayınadək, ümumilikdə, 8 eksponatın təqdimatı keçirilib, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələrini muzeylərə könüllü təqdim edən vətəndaşlar yaxından iştirak ediblər. Bu gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.
“Şahbuz şəhər sakinləri Sərraf Süleymanov, Namiq Orucov, Şəmsəddin Kərimov və Aytən Rüstəmli tərəfindən muzeyə təqdim olunan yeni eksponatlar bu mədəniyyət müəssisəsinin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verməklə yanaşı, Şahbuz rayonunda muzey işinin səmərəli təşkilinə də töhfə olacaq”, - deyən nazir muzey əməkdaşları adından onlara təşəkkürünü bildirib.
Daha sonra eksponat təqdim edən şəhər sakinləri Şəmsəddin Kərimov, Sərraf Süleymanov, Namiq Orucov, Aytən Rüstəmli və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərli çıxış ediblər.
Tədbirdə hədiyyə edilən yeni eksponatların təqdimatı keçirilib. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.