İQTİSADİYYAT
Sahibkarların Almaniyada ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edilib
Bakı, 22 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2018-ci ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektləri nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır. Proqramın müddəti 2018-ci ilin aprel-may aylarıdır. Proqramın dili ingilis dilidir. İxtisasartırma kursları zamanı qalmaq xərclərini və təhsil haqqının ödənilməsini Almaniya tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.
Bu ilin dekabrında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.
İştirakçılar ətraflı məlumat üçün Bakı Biznes Tədris Mərkəzinə müraciət edə bilərlər.