REGİONLAR
Şahmat üzrə növbəti interaktiv dərslər təşkil edilib
Naxçıvan, 18 may, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərslər keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Şagirdlər üçün keçirilən interaktiv dərs “Debütdən sonra necə oynamaq lazımdır” mövzusunda olub. Urfan Sevdimalıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan seçmək, yaxşı sonluğa keçmək qaydaları izah edilib.
Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən interaktiv dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. Dərsdə müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verilib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparılıb.
Saat 15:00-da şahmat məktəbləri ilə keçirilən interaktiv dərsi də Urfan Sevdimalıyev keçib. Bildirilib ki, geniş tətbiq edilən debütlərdən biri də fransız müdafiəsi debütüdür. Fransız müdafiəsi yarımaçıq debütdür. Bu oyunda qaralar debütü tətbiq edir və özü üçün müdafiə yaratmağa çalışır. Dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.