REGİONLAR
Salyanda 7 min hektardan çox sahəyə çiyid səpilməsi nəzərdə tutulub
Salyan, 17 may, Mahir Babayev, AZƏRTAC
Salyanda çiyid səpini uğurla davam edir. Rayonda bu mövsüm 7 min 550 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin başlayandan bu günə kimi rayon üzrə 3 min 800 hektar sahəyə çiyid səpilib. Pambıqçılar səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanları səfərbər ediblər.
Pambıq əkini ilə məşğul olan fermerlər müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikası, toxum, dərman preparatları və gübrə ilə tam təmin olunurlar. Pambıq yetişdirilməsi ilə bağlı fermerlərin gələcəkdə qarşılaşacaqları çətinlikləri aradan qaldırmaq məqsədilə rayonda təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət qərargah yaradılıb.
Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən diqqət fermerlərin bu sahəyə marağını artırıb. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.
Pambıqçılığın inkişafına göstərilən güzəştlərdən yararlanan təcrübəli pambıqçı Mehdi Sultanov bu mövsüm əkin sahəsini genişləndirərək 520 hektar pambıq əkməyi planlaşdırıb. 20 ildən çox pambıq əkini ilə məşğul olan fermer hər hektara 40-50 kiloqram məhsuldar çiyid səpməklə kampaniyanı qısa müddətdə başa çatdırmaq əzmindədir.
Qeyd edək ki, ötən il rayonda 6200 hektar sahədə pambıq əkilib və 9 min 600 ton xam pambıq tədarük olunub.