REGİONLAR
Salyanda tarix-diyarşünaslıq muzeylərində İslami dəyərlərin təbliği mövzusunda təlim keçirilib VİDEO
Salyan, 6 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 6-da Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “İslam Həmrəyliyi İli” çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilən təlimdə “Tarix-diyarşünaslıq muzeylərində İslami dəyərlərin təbliği” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev təlimin məqsədindən danışıb. Bildirilib ki, məqsəd adıçəkilən rayonların muzeylərinin əsas fondlarında qorunan eksponatların nümayişində İslami dəyərlərin təbliğinin aktuallığı, dünyaya İslam aləmi ilə digər konfessiyalar arasında harmoniyanın göstərilməsi, İslam mədəniyyəti, Azərbaycan mədəniyyəti incilərinin Avropa muzeylərində nümayiş etdirilməsi və təbliğatı barədə məlumatların çatdırılması və bu sahədə biliklərin aşılanmasıdır.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova, muzeyin silahlar və bayraqlar fondunun müdiri Sevinc Vahabova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin strateji araşdırmalar sektorunun müdiri Pakizə Almazova mövzu ilə bağlı çıxış ediblər.
Sonda muzey əməkdaşlarına sertifikatlar təqdim olunub.