REGİONLAR
Salyanda yararsız kənd yolları əsaslı təmir olunur FOTO VİDEO
Salyan, 13 may, İsmayıl Cəfərli, AZƏRTAC
Respublikamızda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Paytaxt Bakı ilə yanaşı, regionlarda da yol şəbəkəsinin yenidən qurulması, xüsusilə kənd yollarının əsaslı təmiri əhalinin sevincinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, Salyanda yararsız olan kənd yollarının təmiri davam edir. Növbəti belə təmir işi Salyanın Xurşud kənd yolunda aparılır. Kəndi rayon mərkəzi ilə birləşdirən bu yol uzun illərdir qəzalı vəziyyətdə idi. Bu da yerli sakinlər üçün olduqca ciddi problem yaradırdı. Nəhayət çətin günlər geridə qalır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 nömrəli magistral yollarının istismarı idarəsi yolun əsaslı təmirinə başlayıb.
Baş mühəndis Ələddin Sadıqov deyir ki, iki aya yaxındır əsaslı təmir işlərinə başlanılıb: “Hazırda asfalt örtüyünün alt layı qoyulur. Ümumi uzunluğu 11 kilometr olan Xurşud kənd yolu 4-cü texniki dərəcəyə uyğundur. Yolun yatağı 10, asfalt örtüyünün eni isə 6 metrdir. Əsaslı təmir olunan Xurşud kənd yolunda bütün suötürücü borular və drenaj sistemləri tamamilə dəyişdirilib. Təxminən iyun ayının axırına qədər bütün işləri tamamlamış olacağıq”.
Əsaslı şəkildə yenidən qurulan yolda 55 ədəd borudan istifadə olunub. Bundan başqa, yol üzərində olan körpülər də yenilənib. Yolun təmiri həm də kənd təsərrüfatının inkişafı üçün aktual olduğundan sakinləri çox sevindirib.
Kənd sakini İlqar Salmanov: “Yollarımız əvvəl pis gündə idi. Maşınlarımız sınıb dağılırdı. Gedib gəlmək olmurdu. İndi şükür Allaha, yeni yol çəkilir. Sağ olsun dövlətimiz, rahatlıqla rayon mərkəzinə gedib-gələcək, tərəvəzimi asanlıqla bazara çıxara biləcəyik”.
Digər sakin Emin Muradov: “Uzun illərdən bəri yolumuz bərbad vəziyyətdə idi. Qəzalı yolumuz əsaslı təmir olunur, çox sağ olsunlar. Bu da kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərəcək”.
Yolun təmiri tam bitəndən sonra üzərində yol nişanları və avtobus dayanacaqlarının quraşdırılmasına başlanacaq, həmçinin yol xətləri çəkiləcək. Layihəyə əsasən növbəti belə əsaslı təmir işləri Salyanın daha 3 kənd yolunda davam etdiriləcək. Bunlar Yuxarı Noxudlu, Aşağı Noxudlu və Aşağı Kürkənd kənd yolları olacaq. Layihəyə salınan yollar, ümumilikdə, 6000 nəfərdən çox əhaliyə xidmət edəcək.