SİYASƏT
Samara azərbaycanlılarının milli mədəni muxtariyyətinin təşəbbüsü ilə Heydər Əliyev adına Xeyriyyə Fondu yaradılmışdır
Bakı, 18 avqust (AZƏRTAC). Samarada yeni milli-mədəni ictimai təşkilat işə başlamışdır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, regionun ən iri diasporlarından biri Samara şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyətini yaratmışdır. Qurumun vəzifəsi xalq ənənələrini hifz edib dirçəltməkdir.
Diqqətəlayiq faktdır ki, ictimai qurumun təşəbbüsü ilə Heydər Əliyev adına Xeyriyyə Fondu yaradılmışdır. Fondun əsas məqsədi sosial çətinliklərlə üzləşmiş ahılları, əlilləri və uşaqları maddi və mənəvi baxımdan dəstəkləməkdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanı tarixi Vətəni sayan bütün insanlar harada yaşamalarından asılı olmayaraq sıx birləşməli, dövlətçilik ideyası, ölkəsinin müstəqilliyinin saxlanması naminə səylərini birləşdirməlidirlər. Yaşadığınız ölkənin layiqli vətəndaşları olun və öz tarixi Vətəninizi, dilinizi və ənənələrinizi unutmayın” sözləri yeni ictimai qurumun devizinə çevrilmişdir.
Yekdilliklə milli mədəni muxtariyyətin prezidenti seçilmiş Rafiq Qəmbərov demişdir: “Pionerlər üçün həmişə çətindir. Ötən ilin axırında mən ilk dəfə insanları bir yerə toplayaraq, milli mədəniyyət mərkəzi yaratmağı təklif etdim. Həmvətənlər bu ideyanı dəstəklədilər. Zənnimcə, iki yüz adamın bu təşəbbüsü bəyənməsi ciddi dəstəkdir. Mən burada taleyin bir işarəsini gördüm”.
R.Qəmbərov daha sonra demişdir ki, Azərbaycanın milli mədəni muxtariyyəti üçün adət-ənənələrin dirçəldilməsi və hifz olunması, gənclərin milli mədəniyyətlə tanışlığı boş söz deyildir. Azərbaycan diasporunun nümayəndələri üçün çoxsaylı konsertlər, milli bayram şənlikləri və ağsaqqalların qurultayları təşkil olunur.