ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 27 may, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi Əliqulu Xəlilov “Yüksək enlikdə yerləşən post - AGB tipli 89 HER (F2 Ibe) ulduzu spektrində Hα və dublet NaID xətti profili və onlarin parametrlərinin uzunperiodlu dəyişməsi" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda Şamaxı Astrofizika Rəsədxanasının teleskopunda alınmış spektrlər və 1955-2006-cı illərdə nəşr olunmuş işlər əsasında 89 Her ulduzunun Hα və dublet Na I D xəttinin profillərinin tədqiqindən alınan nəticələri seminar iştirakçılarına təqdim edib. Alim qeyd edib ki, tədqiqatlar nəticəsinə əsasən məlum olub ki, bu ulduzun atmosferində əvvəllər müxtəlif müəlliflər tərəfindən tapılmış qısa periodlu dəyişmələrdən başqa uzunperiodlu dəyişmələr də var. Aşkar olunub ki, Hα və dublet Na I D xətlərinin udulma komponentinin şüa sürəti və ekvivalent eni 5000 günlük periodla dəyişir. Bundan başqa işdə spektral qoşa sistemin modeli çərçivəsində ilk dəfə olaraq qoşa sistemin orbital parametrləri hesablanıb.
Məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb və suallar cavablandırılıb.