ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşının layihəsi “Horizon-2020”nin qalibi olub

Bakı, 7 fevral, AZƏRTAC

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa İttifaqının “Horizon-2020" qrant proqramının qalibi olub.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 11 ölkədən olan astronomların 4 il müddətində (2019-2022) elmi əməkdaşlığı nəzərdə tutulur. Bu müddət ərzində ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq, eləcə də həmin ölkələrdən olan əməkdaşlar Şamaxı Astrofizika Rəsədxanasında elmi tədqiqatlara cəlb ediləcəklər.

Bu il yanvarın 6-da layihə çərçivəsində Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva ŞAR-da elmi ezamiyyətdə olub. Olqa Mareva ŞAR-ın 2 metrlik teleskopunda aparılan spektral müşahidələrdə iştirak edib. Qonaq bir daha şahid olub ki, ŞAR-da aparılan spektral müşahidələr hazırda qabaqcıl dünya rəsədxanalarında aparılan müasir müşahidə standartlarına tam uyğundur və bu müşahidələrlə inamlı elmi nəticələr almaq mümkündür. Fevralın 6-da Olqa Mareva ŞAR-ın elmi seminarında “Volf-Raye ulduzları massiv ulduzların təkamülünün son mərhələsi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Bundan əlavə, Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşları ilə videokonfrans keçirilib. Konfrans zamanı ŞAR-dan “Horizon-2020” qrant layihəsinə cəlb olunan əməkdaşlarla Ondrjeуev Rəsədxanasının əməkdaşları arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Horizon-2020” qrant layihəsi çərçivəsində rəsədxananın elmi işçiləri Aynur Abdulkərimova (aprel-may aylarında), Günay Hacıyeva (iyun ayında) və şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun (oktyabr-dekabr aylarında) Estoniyanın Tartu Rəsədxanasına) elmi ezamiyyəti nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.