REGİONLAR
Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
Şamaxı, 6 mart, AZƏRTAC
Şamaxıdakı Mədəniyyət Mərkəzində rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək konfransın işinə uğurlar arzulayıb, ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli Ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasının tarixi əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib. Sonra rayon Ağsaqqallar Şurasının sədri, İdarə Heyəti, Təftiş komissiyasının tərkibi və üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Ağsaqqallar Şurasının sədrliyinə yenidən ADPU-nun Şamaxı filialının kafedra müdiri Mayıl Alıcanovun namizədliyi irəli sürülüb və o, yekdilliklə sədr seçilib. İlk dəfə olaraq rayon Ağsaqqallar Şuranın tərkibi genişləndirilib, Respublika Ağsaqqallar Şurasının tərkibinə uyğun olaraq rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar da Şuraya üzv olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev, akademiyanın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, dünya şöhrətli incəsənət xadimləri, Xalq artistləri Alim Qasımov və İlham Namiq Kamal Şuranın fəxri üzvləri seçiliblər.
Konfransda Şuraya yenidən sədr seçilən Mayıl Alıcanov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, ötən dövrdə görülən işlərdən danışıb, bundan sonra da ölkəmizdə, o cümlədən rayonda aparılan inkişaf proseslərinin, görülən işlərin təbliğində öndə gedəcəklərini qeyd edib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə ağsaqqal və ağbirçəklərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayıb. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Ağsaqqallar Şurasının sədrini, yeni seçilən idarə heyətini, təftiş komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən bəhs edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu qeyd edib.