CƏMİYYƏT
Şamaxıda elektrik cərəyanının vurması nəticəsində ölən şəxslə bağlı istintaq davam etdirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Şamaxı rayonunda 1983-cü il təvəllüdlü Zaur Balabəyovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Şamaxı Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, Zaur Balabəyov idarə etdiyi “IVECO” markalı oxlu kran avtomobili ilə beton plitə boşaldan zaman kranın həmin ərazinin üzərindən keçən elektrik xəttinin naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.