İDMAN
Samir Abasov: UEFA Avropa Liqasında qalmaq üçün əlimizdən gələni etməliyik
Bakı, 2 avqust, AZƏRTAC
Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Finlandiyada çempionat davam etdiyi üçün Tbilisi “Dinamo”su kimi, HİK-in də futbolçularının fiziki vəziyyəti çox yaxşıdır.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Bakcell Arena"da Finlandiyanın HİK komandasını qəbul edəcək Bakının "Neftçi" klubunun baş məşqçisi avqustun 2-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, HİK Finlandiya çempionudur və təhlükəli rəqibdir. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin "Avro-2020"dəki çıxışı bunu deməyə əsas verir. Rəqibin bəzi üstünlükləri var. Bəlkə də bizdən daha hazırlıqlıdır. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdir. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli oyun göstərirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdikcə oyunlar çətinləşir.
"Neftçi"nin kapitanı Emin Mahmudov deyib: “HİK fiziki cəhətdən çox hazırlıqlı komandadır. Bununla belə, nəzərə alaq ki, öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını sabah yerinə yetirməyə və qələbə qazanmağa çalışacağıq”.
"Neftçi"-HİK matçı avqustun 3-də saat 21:00-da “Bakcell Arena”da start götürəcək. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.
Cütün qalibi turnirin pley-off mərhələsində Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq. Məğlub olan tərəf isə UEFA Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) - HB (Farer Adaları) matçının qalibi ilə üz-üzə gələcək.