SİYASƏT
Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
Moskva, 12 dekabr, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasının şimal paytaxtındakı baş konsulluğunun əməkdaşları dekabrın 12-də Qoroxovaya küçəsi, 6 ünvanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefinin qarşısına tər güllər düzüblər. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə bu binada yerləşirdi.
Xatırladaq ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu hər il diasporla birgə ümummilli lider Heydər Əliyevin xatirəsini anma aksiyası keçirir. Tədbirlərdə siyasətçilər və şəhərin ictimai xadimləri iştirak edirlər. Bu il COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə görə aksiyada yalnız konsulluq əməkdaşları iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva