SİYASƏT
Sankt-Peterburqda beynəlxalq terrorçuluğa qarşı konfrans keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Sankt-Peterburqdakı mənzil-qərargahında MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə beynəlxalq terrorçuluğa qarşı konfrans keçirilib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, MDB-yə üzv dövlətlərin qanunvericilik orqanlarının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransda beynəlxalq terrorçuluqla mübarizə sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib. Rusiyanın və MDB-nin müvafiq strukturlarının rəhbərləri terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi, terrorçuların müasir texnologiya şəbəkəsindən və maliyyə resurslarından istifadə etməsinin qarşısının alınması, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi məsələləri ilə bağlı məruzələr təqdim ediblər.