REGİONLAR
Şanlı Qələbənin sevinci: Qaxda möhtəşəm zəfər yürüşü FOTO
Qax, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsini Qax rayonunun sakinləri yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad edilməsi uğrunda gedən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazandığı şanlı qələbə münasibətilə noyabrın 10-da Qax şəhərində möhtəşəm zəfər yürüşü keçirilib.
Şəhərin mərkəzindən start götürən yürüş Bayraq meydanı kompleksinədək davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları Heydər Əliyev prospekti ilə hərəkət edən yürüş iştirakçıları yolboyu doğma Vətənə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Müzəffər Ali Baş Komandanımıza, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
Sevinc hisslərinin AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən rayon ziyalısı Əlövsət Bayramov deyib: “Həyatımızın ən sevincli anını yaşayırıq. Uzun illərdir ki, bu tarixi qələbəni gözləyirdik. Doğma Qarabağımız artıq erməni işğalından azad olunub. Bizə bu sevinci yaşatdığına görə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, Rəşadətli Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik”.
Fəal gənc Elvin Həsilov sevinc hisslərini belə ifadə edib: “Ali Baş Komandanın rəhbərliyi altında xalqımız öz gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün uşaqdan böyüyə kimi, hər bir Azərbaycan vətəndaşı sevinir, qürur hissi keçirir. İnanırdıq ki, Müzəffər Ordumuz 30 ilə yaxındır erməni işğalında olan torpaqlarımızı mənfur düşməndən təmizləyəcək, üçrəngli bayrağımız doğma Qarabağımızda, mədəniyyət beşiyimiz Şuşa şəhərində dalğalanacaq”.
Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov, təhsil işçisi Dürdanə Əsgərova və yürüşdə iştirak edən digər sakinlər bu çətin günlərdə qardaş Türkiyə dövlətinin hər an Azərbaycanın yanında olmasından qürur hissi keçirdiklərini bildiriblər.