CƏMİYYƏT
Saed Alğafeli: Azərbaycana səfərimizin məqsədi azad edilmiş ərazilərdəki vəziyyətlə yerindəcə tanış olmaqdır
Bakı, 23 sentyabr, AZƏRTAC
Bizim Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərimizin məqsədi orada Ermənistan tərəfindən pozulmuş hüquqların şahidi olmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil daimi insan hüquqları komissiyasının sədri Saed Alğafeli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sentyabrın 24-dən etibarən işğaldan azad olunmuş ərazidə faktaraşdırıcı missiyası aparılacaq. “Məlumatlıyıq ki, işğal edilmiş torpaqlarda müsəlmanların dini ibadət yerləri dağıdılıb. Bununla yanaşı, ermənilər tərəfindən bir çox hüquqlar kobud şəkildə pozulub. İşğalçılar əraziləri tərk edərkən çoxlu sayda mina basdırıblar. Niyyətimiz mövcud vəziyyətlə yerindəcə tanış olmaqdır. Bu səfərlərlə bağlı hesabat hazırlayacağıq və həmin sənəd dünya ictimaiyyəti qarşısında paylaşılacaq”, - deyə komissiya sədri qeyd edib.