CƏMİYYƏT
Səbail məktəbliləri Qusara istirahətə yola salınıb
Bakı, 11 iyul, AZƏRTAC
Səbail rayonu məktəblilərinin “Sahil bağı”ndan Qusara istirahətə yola salınması mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə qeyd edilib ki, ön cəbhə xəttində xidmət edən zabitlərin övladlarının 180 nəfərlik qrupu üçün Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, onlara diqqət və qayğıdan, bu istiqamətdə rayonda görülən işlərdən danışıb. O bildirib ki, bu layihə artıq ənənəvi xarakter daşıyır. Onun fəaliyyəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılıb. Düşərgəyə gedən məktəblilər öz təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçiliblər. Onlar istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər.
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev deyib ki, tədbirin əsas məqsədlərindən biri məktəblilərdə hərbçi peşəsinə marağın artırılmasına şərait yaratmaqdan ibarətdir. Hərbi hissədə yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıb.
Uşaqlar üçün xüsusi geyim və idman ləvazimatları alınıb. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin ediləcəklər. Onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar.