SİYASƏT
Səfir Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
Vatikan, 22 iyul, AZƏRTAC
Azərbaycanın Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolini ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşı tərəfə post-münaqişə mərhələsi haqqında ətraflı məlumat verilib. Azərbaycanın əsas çağırışlarına - işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpası, erməni mənşəli Azərbaycan vətəndaşlarının reinteqrasiyası, Ermənistan və Azərbaycan arasında sülhün bərpasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşı tərəfə səfirliyimiz tərəfindən hazırlanmış və dağıdılmış ərazilərimizdəki vəziyyəti, eləcə də bu ərazilərin yenidən qurulmasını əks etdirən məlumat xarakterli broşür təqdim edilib.
Vatikanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrdən söz açılıb. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ikitərəfli münasibətlərin inkişafındakı rolu və verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, Azərbaycan və Vatikan arasındakı uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verir.
Kardinal P.Parolini Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələrin əhəmiyyətinə toxunaraq, Fond tərəfindən Müqəddəs Pyotr kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpasını yüksək qiymətləndirib.
Vatikanın dövlət katibi kardinal P.Parolini Azərbaycan və Ermənistan arasında normal münasibətlərin bərpa olunacağına ümid etdiyini bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan