REGİONLAR
Şəhid Röyal Qaçayevin təltif olunduğu medal valideynlərinə təqdim edilib
Qobustan, 15 oktyabr, AZƏRTAC
Qobustan rayonunun Sündü kəndində Vətən müharibəsində şəhid olan Röyal Fərman oğlu Qaçayevin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, xatirəsini ehtıramla anıblar. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov şəhidin ailəsinə başsağlığı verib, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb, Röyal və onun kimi şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın qanının yerdə qalmadığını söyləyib.
Anım mərasimində Prezidentin Sərəncamı ilə şəhid Röyal Qaçayevə verilən “Suqovuşanın azad olunmasına görə” medalı onun valideynlərinə təqdim olunub. Röyal ölümündən sonra “Vətən uğurunda” medalı ilə də təltif edilib.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Röyal Qaçayev 2002-ci il mayın 1-də Qobustanın Sündü kəndində anadan olub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılıb, Talış və Suqovuşanın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşub. Suqovuşan uğrundakı döyüşdə şəhid olub.