CƏMİYYƏT
Şəhid ailəsi ilə görüş olub
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktor müavini Emil İsmayılov 44 günlük Vətən müharibəsində şəhid olmuş Zamanov Sənan Qahir oğlunun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhidin ailəsi, o cümlədən 3 uşağı dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə müvafiq sosial ödənişlər edilir. DOST İş Mərkəzi də ailəni daim diqqət mərkəzində saxlayır.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.
Həmçinin DOST İş Mərkəzinin fəaliyyəti çərçivəsində şəhid ailələri və qazilərə göstərilən dəstək tədbirləri qeyd olunub. 1000-dən çox şəhid ailəsi üzvünün və qazinin “İşsizin Dostu” proqramı çərçivəsində, habelə mərkəzin Aparatında işlə təmin edildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Talış kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn S.Zamanov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.