REGİONLAR
Şəhid anası: Dörd oğlumun hamısını Vətən uğrunda döyüşə göndərməyə hazır idim VİDEO
Lənkəran, 25 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Otuz ilə yaxın işğalda olan torpaqlarımızın həsrətinə 44 gündə son qoyan igidlərimizdən biri də şəhid Hüseyn Bəşirzadədir. Döyüşlərə könüllü qatılaraq 25 gün düşmənə qan udduran igid əsgərimizin şəhidlik zirvəsinə yüksəlməsindən bir il ötür.
AZƏRTAC xəbər verir ki, 1994-cü il mayın 28-də Lənkəranın Qumbaşı kəndində dünyaya göz açan Hüseyn Bəşirzadə Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyümüşdü. İşğalda olan torpaqlarımızı azad görmək ən böyük arzusu idi. Hərbçi olmaq istəyirdi. Elə bu amalla həqiqi hərbi xidmətdən sonra sənədlərini Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsinə vermişdi. Tovuz döyüşlərində general Polad Həşimovun şəhidliyi onu çox təsirləndirmiş, elə o vaxtdan adını könüllülər sırasına yazdırmışdı. Vətən müharibəsi başlayanda bir an belə tərəddüd etmədən əlində silah düşmən üzərinə yeridi. Addım-addım, düşməni məhv edə-edə irəlilədi.
Şəhidin qardaşı Hikmət Bəşirov deyir ki, Hüseyn hər dəfə telefonla danışanda ordumuzun qazandığı qələbələri böyük sevinclə bölüşərdi: “Qardaşım vətənpərvər oğlan idi. İki ay əvvəl sənədlərini könüllü vermişdi. Haqq savaşımız başladı, getdi müharibəyə. İşğal edilmiş torpaqlarımız azad olunduqca mənə zəng edər, sevincini bölüşərdi...”
Döyüşlərdə şücaət göstərmiş Hüseyn Cəbrayıl, Füzuli, Xudafərin, Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib. Oktyabrın 21-də Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Anası Laləzar Bəşirova bildirir ki, oğlu müharibəyə qəhrəman kimi getdi, qəhrəman kimi də qayıtdı. “Dörd oğlumun dördü də müharibəyə çağırılsaydı, hamısını göndərərdim. Hamısı da getmək istəyirdi. Bu balam könüllü getdi, Vətən yolunda şəhid oldu. Mənim qürurumdur, vüqarımdır, fəxrimdir. Torpağımız uğrunda şəhid oldu. Dörd oğlumun hansı getsəydi, hamısı qəhrəmancasına döyüşərdi”, - deyə şəhid anası vurğulayır.
Şəhidin atası Xanhüseyn Bəşirov da oğlu haqqında qürurla danışır: “Mən sevinirəm ki, belə vətənpərvər övlad böyütmüşəm. Bizim başımızı uca elədi. Övladım da Vətənə qurban, özüm də. Çox şükür olsun ki, torpaqlarımız işğaldan azad edildi”.
Təkcə Laləzar ananın, Xanhüseyn atanın deyil, bütün Azərbaycanın qəhrəman övladı olan Hüseyn öz qanı, canı bahasına Zəfər tariximizi yazanlardan oldu. “Dörd oğlumu da Vətən uğrunda döyüşə göndərməyə hazır idim” deyən ananın cəsur, igid övladı başqa cür ola bilməzdi.
Canını torpaq uğrunda fəda edən könüllü əsgər Hüseyn Bəşirzadə Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.