CƏMİYYƏT
Şəhid qardaşı: Vətən müharibəsi xalqımızın, Prezidentimizin və şanlı Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi
Bakı, 27 sentyabr, AZƏRTAC
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Qarabağ müharibəsi haqqında fikirlərimi ifadə etmək mənim üçün fərqli bir hissdir. Çünki qardaşım İbrahim Məmmədov müharibənin ilk günlərindən ön cəbhədə qəhrəmancasına vuruşaraq, torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalıb.
Bu fikirləri Penitensiar Xidmətin Mühafizə Alayının 1-ci atıcı bölüyünün əsgəri Yusif Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Yusif Məmmədov bildirib ki, İbrahim 2000-ci il fevralın 25-də Gəncədə anadan olub. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xidmət edib. İbrahim Vətən müharibəsinin başlanmasından iki gün sonra - sentyabrın 29-da döyüşlərə yollanıb, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altındakı torpaqlarımızın azadlığı uğrunda vuruşub. Füzuli və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən İbrahim noyabrın 9-da Şuşa yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Məmmədov İbrahim Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları (ölümündən sonra) ilə təltif olunub.
“Mən qardaşım və bütün şəhidlərimizlə fəxr edirəm”, - deyən Yusif Məmmədov bildirib ki, qəhrəman əsgər və zabitlərimiz müharibənin ilk günlərindən əlində silah, qürur və fəxarətlə, düşmənin gözünə dik baxaraq torpaqlarımızı düşmən tapdağından azad etdilər: “Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad etmişik. Bu xoşbəxtliyi, bu qüruru bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Vətən müharibəsi Azərbaycan xalqının, onun liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi günə çevrildi. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi Zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Bu müddətdə şanlı Azərbaycan Ordusu yüzlərlə yaşayış məntəqəsini düşməndən azad etdi. Biz döyüş meydanında tarixi ədaləti bərpa etmişik. Çünki Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb və bundan sonra da yaşayacaq”.
Penitensiar Xidmətin Mühafizə Alayının əsgəri bildirib ki, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində məcburi köçkünlərimizin doğma dədə-baba yurdlarına qayıtmaq arzuları reallığa çevrildi. Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edir. Bütün yaralı əsgər və zabitlərimizin sağlamlığının bərpası, onların normal həyata qayıtması üçün lazımi tədbirlər görülür. Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunub, onları işlə təmin etmək üçün xüsusi addımlar atılıb. Biz şəhid ailələrinin problemlərinin həllinə də xüsusi diqqət yetirilir.
“Azərbaycan xalqı tarix boyu məğrur, cəsarətli, yenilməz xalq olduğunu təsdiqləyib. Heç bir təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki biz dövlətimizin başçısının dediyi kimi, haqq yolundayıq və dəmir yumruq kimi birik. Bu birlik əbədidir və sarsılmazdır”, - deyə Yusif Məmmədov bildirib.